Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əksini tapıb.
Dövlət Proqramı Azərbaycan vətəndaşı olan istedadlı, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarını nəzərdə tutur. Bu baxımdan beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük veriləcək.
Hazırlanacaq Qaydada gənclərin seçilməsi meyarları və prosedurları şəffaflıq, ədalətlilik, obyektivlik prinsiplərinə əsaslanacaq.