Vitse-prezident: "AMEA-nın statusu yüksəldilməlidir"

Vitse-prezident: "AMEA-nın statusu yüksəldilməlidir" "Dövlətin elm siyasətini icra edən ali dövlət qurumu kimi AMEA-nın statusu yüksəldilməlidir".
Elm və təhsil
27 Aprel , 2022 12:34
Vitse-prezident: AMEA-nın statusu yüksəldilməlidir
Dilqəm Tağıyev

"Dövlətin elm siyasətini icra edən ali dövlət qurumu kimi AMEA-nın statusu yüksəldilməlidir".

"Report" xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında Kimya Elmləri Bölməsinin (KEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı akademiyanın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev deyib.

Onun sözlərinə görə, real təsirə və maliyyə imkanına malik, bilavasitə dövlət başçısının tabeliyində yaradılması məqsədəuyğun olan Ali Elm Şurası islahatlara rəhbərliyi, nəzarəti və məqsədli maliyyə dəstəyini təmin edə bilər.

“Elmə münasibət inkişaf etmiş ölkələrdə olduğu kimi praqmatik olmalıdır. Elmin gəlir gətirməsi üçün ona dövlət sifarişləri, elm-istehsalat simbiozları və xüsusi fondlar vasitəsilə sərmayə qoyulmalıdır. Laboratoriya nəticələri avtomatik olaraq inqilabi texnologiyalara çevrilmir. Bunun üçün maliyyə, səbr və vaxt tələb olunur. Elmi nəticələrin maliyyələşməsinə və tətbiqinə isə özəl sektor və biznes maraq göstərmir, hərçənd ki, ÜDM-un 80%-dən çoxu onların payına düşür. Müasir istiqamətlər üzrə gənc və perspektivli fəlsəfə doktorlarında stimul yaratmaq üçün AMEA-da adlı tədqiqat təqaüdləri proqramının təsis edilməsinə ehtiyac var. Elmlər doktoru dərəcəsinin nüfuzlu jurnallardakı məqalə və əsərlər külliyatına görə müdafiə prosedurunu keçmədən (xüsusən, təbiət elmləri və texnologiyalar sahəsində) verilməsi cavan fəlsəfə doktorlarının tədqiqatları davam etdirməsinə marağı və həvəsi artırar. AMEA əməkdaşlarının əmək pensiyalarının artırılması və optimal yaş həddinin tətbiq edilməsilə gənc elmi kadrların sayının artırılmasına köməklik edər”, - akademik Dilqəm Tağıyev diqqətə çatdırıb.

Natiq çıxışının sonunda bildirib ki, elm insan fəaliyyətinin xüsusi formasıdır və buna görə də elmə və elm adamlarına münasibət də xüsusi olmalıdır.

Məruzə dinlənildikdən sonra hesabat ətrafında çıxışlar olub, AMEA-nın Ümumi yığıncağının qərarı ilə bölmənin elmi müəssisə və təşkilatlarına müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi