Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Sabirabad şəhərində vətəndaşlarla görüşüb. "Report" xəbər verir ki, bu barədə komissiyanın yaydığı məlumatda bildirilib.
Qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərinin sakinləri və həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Görüş zamanı vətəndaşlar komissiya sədrinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulmuş dəyişikliklər, o cümlədən qabiliyyət imtahanlarının keçirilmə qaydaları və tətbiq olunmuş yeniliklər, buraxılış imtahanları, orta ixtisas təhsilli müəssisələrə qəbul və s. məsələlər barədə müraciətlər edib və regionlarda keçiriləcək sınaq imtahanlarının sayının artırılmasını təklif ediblər.
Sonra TQDK sədri Sabirabad, Saatlı və Hacıqabul rayonlarının təhsil şöbələrinin müdirləri ilə görüş keçirib, həmin rayonların məzunlarının 2014-cü ildə qəbul və buraxılış imtahanlarında göstərdikləri nəticələr müzakirə olunub.