Azərbaycan məktəbəqədər təhsilin əhatəlilik səviyyəsinin artırılması istiqamətində böyük irəliləyiş əldə edib.
"Report" xəbər verir ki, bunu UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin erkən inkişaf üzrə mütəxəssisi Vidur Çopra "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
UNİCEF rəsmisi bildirib ki, icma əsaslı məktəbəqədər təhsil modeli çox uğurludur: "Ucqar ərazilərdə bunun tətbiqi alqışlanmalıdır. Modul tipli məktəblərin tikintisi də yaxşı addımdır".
Mütəxəssis vurğulayıb ki, bununla yanaşı, nəinki Azərbaycanda, eləcə də digər dövlətlərdə bir sıra yeni çağırışlar yaranır: "Məktəbəqədər təhsildə xidmətin əhatəsini genişləndirmək barədə düşünmək olar. Bir model ehtiyacları qarşılaya bilməz. Günərzi model isə bahalıdır. Müxtəlif model və ideyalar formalaşdırılmalıdır. Bu baxımdan, dövlət və özəl sektorun birlikdə çalışması uğurlu modeldir".