Ulduzların kəşfi qaranlıq maddə və qalaktik kannibalizmi aydınlaşdırıb

Ulduzların kəşfi qaranlıq maddə və qalaktik kannibalizmi aydınlaşdırıb Qədim qalaktikanın kənarındakı bir neçə ulduzun kəşfi qaranlıq maddə barədə təsəvvürləri aydınlaşdırıb və qalaktik kannibalizmin mümkün erkən nümunəsi haqqında ipucları verir.
Elm və təhsil
4 Fevral , 2021 17:44
Ulduzların kəşfi qaranlıq maddə və qalaktik kannibalizmi aydınlaşdırıb

Qədim qalaktikanın kənarındakı bir neçə ulduzun kəşfi qaranlıq maddə barədə təsəvvürləri aydınlaşdırıb və qalaktik kannibalizmin mümkün erkən nümunəsi haqqında ipucları verir.

“Report”un xəbərinə görə, bu barədə “Guardian” nəşrinin elmi müxbiri Nikola Devis yazıb.

II Tukana Yerdən 163 min işıq ili uzaqda olan çox tutqun cırtdan qalaktikadır. O, kainatdakı ilk qalaktikaların qalığı sayılır.

Alimlər bu qalaktikanın qədimliyini, o cümlədən metal zənginliyi çox aşağı olan ulduzlardan ibarət olduğunu bilirdilər. Bu da onların Böyük Partlayışdan çox keçmədən meydana gəldiklərini göstərir.

İndi araşdırmaçılar bildirirlər ki, II Tukananın mərkəzindən uzaqda ulduzların səpintisini aşkarlayıblar. Bu, onu göstərir ki, həmin qalaktika əvvəl hesab ediləndən daha böyükdür. Bundan başqa, bu kəşf onun formalaşması barədə yeni ipucları verir.

“Nature Astronomy” dərgisindəki məqalədə ABŞ, İngiltərə və Avstraliyadan olan elm adamları bu ulduzları Avstraliya Milli Universitetinin “SkyMapper” teleskopundan çəkilən görüntülərdən, həmçinin Süd Yolunun ulduzlarını izləyən “Qaya” (“Gaia” – “Report”) peyk teleskopundan alınan məlumatlardan istifadə edərək aşkarlayıblar.

Bütövlükdə bu elmi heyət doqquz yeni ulduzu kəşf etməyi və araşdırmağı bacarıb. Beləliklə, II Tukana qalaktikasında məlum olan ulduzların sayı, demək olar, iki dəfə artıb.

Burada müstəsna vacib bir xüsus var. Yenicə kəşf edilmiş ulduzlar qalaktikanın mərkəzindən 3 500 işıq ili uzaqdadırlar, əvvəl bəlli olan ulduzların mərkəzdən olan məsafəsi isə 1 100 işıq ilidir. Bundan başqa, alimlər bu ulduzların aşağı metal tərkibli olduğunu müəyyənləşdiriblər ki, bu da onların daha yaşlı olmasından xəbər verir.

Alimlər II Tukananın iki primitiv qalaktikanın birləşməsindən əmələ gəlməsinə işarə edərək qalaktikanın kənarındakı ulduzların onun xaricində formalaşdığını güman edirlər. Hesab edilir ki, belə proseslər başqa gənc qalaktikalarda baş verib və bu, modelləşdirmə məlumatları ilə öz təsdiqini tapır. İndi araşdırmaçılar eyni şeyin II Tukana kimi qədim cırtdan qalaktikaların da başına gələ biləcəyini güman edir.

“Bizim kəşfimiz belə hadisələrin daha qədim qalaktikalarda olduğunun ilkin sübutunu verir və onların formalaşmasına eyni proseslərin təsir etdiyini göstərir”, - alimlər yazıblar.

Onlar qeyd edirlər ki, çox az ulduzun olduğu qalaktika mərkəzindən belə uzaqda ulduzların tapılması onlar üçün gözlənilməz olub. Onların orbitini araşdıraraq alimlər ulduzların qravitasiya yolu ilə qalaktikanın mərkəzindən digər obyektlər tərəfindən “çıxdaş edilməsini” istisna ediblər.

Alimlər deyirlər ki, böyük ehtimalla, ulduzları yerində saxlayan qalaktikanın özünün cazibə qüvvəsidir.

“Bu ulduzları yerində saxlamaq və Süd Yolunun onları özünə dartaraq kənarlaşdırmaması üçün II Tukananın nəhəng kütləyə ehtiyacı var”, - Surrey Universitetinin əməkdaşı, araşdırmanın müəllifi dr. Denis Erkal söyləyib.

Lakin II Tukanada çox az ulduz var, bu da o deməkdir ki, əvvəl hesab ediləndən 4 dəfə daha çox özündə qaranlıq materiya daşımalıdır.

Alimlərin sözlərinə görə, bu aşağıdakıları göstərir. Ən erkən qalaktikaların ölçüsü əvvəl düşünüləndən daha böyük ola bilər və mərkəzdən uzaq bir məsafədə də ulduzların olub-olmadığını anlamaq üçün digər qədim cırtdan qalaktikalara daha yaxından baxmaq çox maraqlı olardı.

Erkal əlavə edib: “Cırtdandan bu qədər uzaqda olan ulduzları aşkarlaya bilmişik və bunun bütün cırtdan qalaktikalar üçün adi bir fenomen olub-olmadığını və ya sadəcə II Tukananın bir xüsusiyyəti olduğunu anlamaq üçün digər cırtdanlar üzərində daha çox müşahidələr aparmalıyıq”.

Surrey Universitetində fiziki araşdırmalara başçılıq edən və bu işdə iştirak etməyən professor Castin Rid söyləyib ki, araşdırma xırda cırtdan qalaktikaların qaranlıq materiyanın nəhəng görünməz “haləsi” ilə əhatə edilməli olduğu haqqındakı köhnə nəzəriyyəni təsdiqləyib: “Bu, o deməkdir ki, bizim qaranlıq materiyanın mahiyyəti haqqındakı hazırkı təsəvvürlərimiz doğrudur. Biz qaranlıq materiyanın nədən ibarət olduğunu hələlik bilmirik, ancaq bu cür müşahidələr bizi bu sualın cavabına yaxınlaşdırır”.

Almaniyanın Haydelberq şəhərindəki Maks Plank Cəmiyyətinin Astronomiya İnstitutunun direktoru Hans-Valter Riks söyləyib: “Bu, həqiqətən, elmi cəhətdən əla icra edilmiş yaxşı araşdırmadır. O, inandırıcı şəkildə göstərir ki, bu kiçik qalaktikadakı bəzi ulduzlar mərkəzdən əvvəl güman ediləndən daha uzaqda yerləşirlər”.

O, bununla yanaşı, xəbərdarlıq edib ki, təklif edilən qalaktik kannibalizm hazırda sadəcə nəzəriyyə olaraq qalır: “Erkən Kainatdakı qalaktik kannibalizmin güman edilən fəsadlarına gedən yol həqiqətəuyğun və həyəcanverici görsənir. Ancaq o nə unikaldır, nə də inandırıcıdır”.

Son xəbərlər

Orphus sistemi