“Azərbaycan Prezidenti İlham Əliyevə çox təşəkkür edirik, məhz onun sayəsində müharibə zamanı ziyan görmüş məktəbimiz təmir olunub”.
“Report” xəbər verir ki, bunu Bakıda jurnalistlərə Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru, Ukraynanın əməkdar müəllimi Valentina Antonenko deyib.
“Artıq üçüncü dəfədir mənə doğma olan Azərbaycandayam. Məktəbimiz Naxçıvanın Şahtaxtı kəndində yerləşən, elə Zərifə xanım Əliyevanın adını daşıyan məktəblə qardaşlaşıb”, - o bildirib.
Direktorun sözlərinə görə, İrpendəki akademik Zərifə Əliyeva adına məktəbdə cəmi ay yarım ərzində genişmiqyaslı təmir işləri aparılıb və sentyabrın 2-dən şagirdlər partalara əyləşib, dərslərə başlanılıb.
V.Antonenko Azərbaycan və Ukraynanın təhsil müəssisələri, o cümlədən Bakıdakı akademik Zərifə Əliyeva adına lisey ilə İrpendəki akademik Zərifə Əliyeva adına məktəb arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.