TQDK: Əvvəlki illərin məzunları arasında bir nəfər 675 bal toplayıb

TQDK: Əvvəlki illərin məzunları arasında bir nəfər 675 bal toplayıb Abituriyentlərdən 880 nəfəri imtahana gəlməyib
Elm və təhsil
145
17 May , 2016 16:45
TQDK: Əvvəlki illərin məzunları arasında bir nəfər 675 bal toplayıb

Bakı. 17 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. 

"Report" TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd verən 14 497 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13 589 abituriyentdən 28 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III ixtisas qrupu üzrə imtahan verən bir nəfər ən yüksək nəticə göstərib və 675 bal toplayıb.

İmtahanda iştirak edən abituriyentlər qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Xatırladaq ki, bütün ixtisas qrupları üzrə seçim qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) aparılacaq. Seçim iyulun 29-dan avqustun 10-dək davam edəcək.