Bakı. 28 yanvar. REPORT.AZ/ "Son vaxtlar müəyyən qüvvələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhərində, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar".
Bu barədə "Report"a TQDK-dan bildirilib.
Məlumata görə, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir: "Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır".