Oktyabrın 5-də Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçiriləcək.
"Report" xəbər verir ki, forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda baş tutacaq.
Beynəlxalq forumun baş sponsorları XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, BP şirkəti, gold sponsoru isə “Landau School” Təhsil Kompleksidir.
Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
“Heydər Əliyev İli”nə həsr edilən Beynəlxalq Forum Ulu Öndərin “Mən müəllimdən yüksək ad tanımıram” ideyasını rəhbər tutur.
“Daha təhsilli gələcək” devizi ilə Beynəlxalq Müəllimlər Günündə baş tutacaq forum effektiv öyrənmə mühiti, yeni dövrdə öyrənmə mədəniyyəti, real dünyanın təhsildən tələbləri və oxu savadlılığı mövzularını əhatə edəcək.
Forum çərçivəsində “Daha təhsilli gələcək üçün hansı çağırışlar var? Şagirdlərin smartfonlarından daha ağıllı olması üçün nə etməliyik? İnternetə qoşulmuş şagirdlərin müəllimlərindən əsas gözləntilər nələrdir? Liderləri yetişdirən müəllimləri lider kimi yetişdirmək üçün nələr edilməlidir? Öyrənənlərin özlərini məktəbə aid hiss edəcəkləri effektiv öyrənmə mühiti necə yaradılmalıdır? Yeni dövrün öyrənmə mədəniyyətinin özünəməxsusluğu nədir və bu xüsusiyyətlər təhsil prosesində hansı dəyişikliklər yaradır? Şagird və valideynlərin başqalarının sürətinə yox, öz sürətlərinə uyğunlaşması üçün təhsil mühitində hansı redaktələrə ehtiyac var? Oxu savadlılığını təkmilləşdirmək üçün hansı addımlar atılmalıdır?” sualları müzakirə olunacaq.
Forum “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini, İƏİT-in “Təhsil və bacarıqların gələcəyi – 2030” sənədini, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı inkişaf məqsədlərindən biri olan keyfiyyətli təhsil məqsədini əsas götürür.
Forumda İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer, “Maya” Məktəblər Şəbəkəsinin qurucusu, Türkiyənin sabiq milli təhsil naziri, professor Ziya Selçuk, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akademik direktoru Turan Zəkəriyəyeva, BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Harvard Universitetinin professoru və Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers, yazıçı, psixoloq, Türkiyədə və İtaliyada bestseller müəllifi Azra Kohen çıxış edəcəklər.
Forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir.