Təhsil tələbə kreditinin (TTK) verilməsi üçün müraciət edilməsi və sənədləşmə qaydası açıqlanıb.
"Report" xəbər verir ki, Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçiriləcək.
TTK almaq istəyən tələbə, onun valideynləri, övladlığa götürənləri və ya himayəçisi notariat qaydasında təsdiq edilmiş ərizə ilə bir sıra razılıqlar verməlidirlər.
Belə ki, valideynlər, övladlığa götürənlər və ya himayəçi - 18 yaşınadək olan yetkinlik yaşına çatmayan tələbənin kredit müqaviləsi bağlamasına (tələbənin 18 və daha çox yaşı varsa bu tələb olunmur), tələbə - ona aid gəlirlərin, xərclərin, əmlakların və digər zəruri fərdi məlumatların kredit müqaviləsinin qüvvədə olduğu müddətdə aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Fondun və müvəkkil bankın sorğusu əsasında ona (onlara) təqdim edilməsinə və muzdla və ya mülki-hüquqi xarakterli müqavilələrlə işlədikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda alacağı əməkhaqqından və ya əldə edəcəyi gəlirdən TTK-nin qaytarılması məqsədilə müvəkkil bankın xeyrinə tutulmaların (gəlirin 20 faizindən çox olmamaq şərtilə) edilməsinə razılıq verilməlidir.
Notariat qaydasında təsdiq olunan ərizə Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən sorğu əsasında elektron sistemə göndərilməlidir. Bu razılıq başqa məqsədlərə və ya digər kreditin qaytarılmasında istifadə edilə bilməz. Razılıq kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün verilir.
Müvafiq olaraq razılığı rəsmiləşdirilmiş tələbə elektron sistemdə qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır, kabinetin şifrəsi onun əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Tələbə “Şəxsi kabinet”i vasitəsilə TTK-nin rəsmiləşdirilməsi üçün tələb olunan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
TTK almaq hüququ elektron sistem vasitəsilə müəyyən edilir. TTK almaq hüququ olmayan tələbəyə “Şəxsi kabinet” vasitəsilə bu barədə göndərilən məlumatda imtinanın səbəbləri əsaslandırılır. Kreditin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var. TTK almaq hüququ olan tələbəyə müvafiq müvəkkil banka müraciət olunması barədə bildiriş göndərilir.
TTK Fondun vəsaiti hesabına bu Qayda ilə müəyyən edilmiş tələbələrə müvəkkil bank tərəfindən verilir. Fondla baş saziş imzalamış və elektron sistemə çıxış imkanları olan müvəkkil bank TTK almaq hüququ olan şəxslər barədə məlumatı bu sistem vasitəsilə elektron qaydada əldə edir.
TTK-nin alınması üçün borcalan müvəkkil banka aşağıdakı sənədləri təqdim etməlidir:
- əvvəlki tədris semestri üçün ÜOMG-yə (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə üzrə göstəriciyə) dair təhsil müəssisəsinin arayışı;
- təhsil haqqının məbləği barədə təhsil müəssisəsinin arayışı;
- standart TTK üçün illik təhsil haqqının ən azı 20 faizi məbləğində ödənişin edilməsi barədə təsdiqedici sənəd.
Sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmayacaq. Sənədlər kağız daşıyıcıda təqdim edildiyi təqdirdə, müvəkkil bankın məsul işçisi təqdim olunmuş sənədləri elə həmin gün elektron sistemə daxil edərək gücləndirilmiş elektron imza ilə təsdiqləyəcək.
Müvəkkil bank elektron sistem vasitəsilə və ya kağız daşıyıcıda əldə etdiyi sənədləri nəzərdən keçirərək, 3 (üç) iş günü müddətində TTK almaq istəyən şəxs barədə TTK-nin verilməsinə dair qərar qəbul edəcək. Həmin qərar qəbul edildiyi gün TTK almaq istəyən şəxsə bildirilməklə, tələbənin “Şəxsi kabinet”ində yerləşdiriləcək.
Müvəkkil bank tərəfindən TTK-nin verilməsinə razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 6 (altı) iş günü müddətində kredit müqaviləsi bağlanılır.
Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilir və elektron sistemə ötürülür:
- kreditin təyinatı (təhsil haqqı);
- kreditin şərtləri (kreditin məbləği, müddəti, faktiki illik faiz dərəcəsi, komisyon haqları (əgər nəzərdə tutulursa), müvəkkil bank tərəfindən tələb olunan digər ödənişlər);
- kreditin gecikdirilmə şərtləri;
- ödəniş cədvəli;
- tərəflərin hüquq və vəzifələri;
- vaxtından əvvəl ödənişlərin müvəkkil bank tərəfindən tələb edilməsi şərtləri;
- kredit müddəti ərzində müqaviləyə əlavə və dəyişikliklərin edilməsi qaydası;
- tərəflərin məsuliyyəti;
- mübahisələrin həlli qaydası.
Müvəkkil bankla tələbə arasında çərçivə kredit müqaviləsi təhsilin normativ müddətində bir dəfə bağlanılır və kreditin məbləği təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün tələbənin müraciəti əsasında tranşlarla (hissələrlə) kredit almaq hüququ yarandığı halda müvəkkil bank tərəfindən təhsil müəssisəsinin müvafiq bank hesabına köçürüləcək.