Bakı. 12 iyun. REPORT.AZ/
Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. Toplulara daxil ediləcək əsərlərin sayı və ümumi həcmi aşağıdakı kimi olmalıdır:
Nəsr əsərləri toplusu – 15 əsər (1,5–2 çap vərəqi);
Nəzm əsərləri toplusu – 20 əsər (1–1,5 çap vərəqi);
Dram əsərləri toplusu – 5 əsər (2–2,5 çap vərəqi).
Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 nüsxə və diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə bu il yun ayının 1-dən başlayaraq 1 ay müddətində Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir.
Toplulardakı əsərlərə ekspert qrupları tərəfindən baxılacaq və nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq. Müsabiqədə birinci yeri tutan toplu müəllifinə 5000 manat, ikinci yeri tutana 3000 manat, üçüncü yeri tutana 1500 manat mükafat veriləcək.
Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumtəhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək və ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək. Rəy və mülahizələr [email protected] elektron poçtuna göndərilməlidir.
Müsabiqənin nəticələri bu ilin sonunadək yekunlaşdırılacaq. Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.