Təhsil Nazirliyi Qızıl Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki humanitar fəaliyyətini dəstəkləyəcək

Təhsil Nazirliyi Qızıl Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki humanitar fəaliyyətini dəstəkləyəcək Bununla bağlı hər iki qurum arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
Elm və təhsil
1538
4 Dekabr , 2014 18:12
Təhsil Nazirliyi Qızıl Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki humanitar fəaliyyətini dəstəkləyəcək

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Təhsil Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. "Report" xəbər verir ki, memorandumu təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov imzalayıblar.

Memorandum Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin mühüm bir qisminin dövlət təhsil müəssisələrində reallaşdırılmasını nəzərə alaraq, bu işlərin səmərəliliyinin artırılması üçün qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədlərinə xidmət edir.

Memoranduma əsasən, Təhsil Nazirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki humanitar fəaliyyətini dəstəkləyəcək. Qızıl Aypara Cəmiyyəti isə Təhsil Nazirliyinin müraciəti əsasında təhsil alanları müvafiq seminar, təlim, sessiya, kampaniya, yay düşərgələri və digər müvafiq tədbirlərə cəlb edəcək.

Həmçinin dövlət ali təhsil müəssisələrinin humanitar fakültələrinin tələbələri üçün Qızıl Aypara Cəmiyyətinin strukturlarında müvafiq istehsalat təcrübəsinin keçirilməsinin təşkil olunması nəzərdə tutulur.