Bakı. 15 mart. REPORT.AZ/ Martın 12-dən start verilən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu günə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə bu bölgələr üzrə I sinfə qəbul üçün 12 mindən çox sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 4366, Gəncə şəhəri üzrə 3220, Sumqayıt şəhəri üzrə 4342 nəfərin sorğusu qeydə alınıb. Bu bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayı 17 873 nəfər olacağı proqnozlaşdırılır.
I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin
Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir.
Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 15 sentyabr 2018-ci il tarixədək davam edəcək.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.
Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.