"Azərbaycan təhsillə əlaqəli olimpiada hərakatı ilə bağlı işlərin böyük əksəriyyətini uğurla icra edir. Bu işdə bilik və bacarıqla yanaşı, vaxt da lazımdır. Nəticələrin yaxşı olması üçün sistemli iş qurulub. Bir çox liseylərimiz dünyada seçilən bilən nəticələr göstəriblər".
"Report" xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Respublika fənn olimpiada qaliblərinin mükafatlandırılma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq olimpiadada işlər pis getmir: "Şagirdlərin süni nəticələrlə yox, addım-addım irəli getməsini düşünürük. Artıq bu istiqamətdə nəticələr də var. Şagirdlərimizin yarışlarda 50 ölkə sırasına düşməsi yaxşı nəticə kimi qiymətləndirilməlidir. Bir neçə ildir ki, "Təhsil haqqında" qanun edilən dəyişikliklə beynəlxalq olimpiadalarda qalib olanlar müsabiqədənkənar ali təhsil almaq hüququna malikdirlər. Təbii ki, həmin şəxslər çox vaxt təhsilini ölkədən kənarda davam etdirirlər. Çünki qalib şagirdə dünyanın aparıcı universitetlərində tam təqaüd verilir. Bu say Azərbaycandan elə də az deyil. Lakin həmin şagirdlərin Azərbaycanda qalması əsas prioritet sahələrdən biridir. Xaricdə təhsil proqramı yenidən aktivləşdirilib. Sovet dövründə olimpiadaya düşən şagird sayı çox az idi. Ancaq indi o mərhələyə gəlib çatmışıq ki, qaliblər ölkədə qalıb öz təhsillərini davam etdirə bilər".