Təhsil naziri: "Respublikanın 70-dən çox orta ümumtəhsil məktəbində "şahmat" fənninin tədrisinə başlanılıb"

Təhsil naziri: "Respublikanın 70-dən çox orta ümumtəhsil məktəbində "şahmat" fənninin tədrisinə başlanılıb" "2009-2014-cü illər üçün Azərbaycanda şahmatın inkişafı" Dövlət Proqramının yekunlarına həsr olunan tədbir keçirilib
Elm və təhsil
2 Mart , 2016 12:01
Təhsil naziri: Respublikanın 70-dən çox orta ümumtəhsil məktəbində şahmat fənninin tədrisinə başlanılıb

Bakı. 2 mart. REPORT.AZ/ Nizami Kino Mərkəzində "2009-2014-cü illər üçün Azərbaycanda şahmatın inkişafı" Dövlət Proqramının yekunlarına həsr olunan tədbir keçirilib. "Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Dövlət Proqramının əsas məqsədi şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsinin, ölkədə şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsinin, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasının təmin edilməsidir: "Ölkənin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılması, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün tədbirlər planının həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindən olub".

Nazir onu da qeyd edib ki, bu günə qədər Azərbaycan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda 80-dən çox medal, o cümlədən 32 qızıl medal qazanıbar: "Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 15 benəlxalq hakim və 16 FİDE hakimi var".

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, respublikanın 70-dən çox orta ümumtəhsil məktəbində "Şahmat" fənninin tədrisinə başlanılıb: "Bu gün ölkədə təhsil alan şagirdlərinin təxminən 10 faizi üçün II, III və IV siniflərdə "Şahmat" fənni keçirilir. Hər bir rayonda pilot məktəblər seçilib. Hansı ki, həmin məktəbdə şahmat fənni məcburi kurikulum məzmununun bir hissəsi kimi tədris edilir. 66 ayrı şahmat məktəbinin 41-i müstəqil texniki bazaya malikdir".

Xatırladaq ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndiricisi Gənclər və İdman Nazirliyi müəyyən edilmişdi. Keçən dövr ərzində Nazirlik Azərbaycan Şahmat Federasiyası ilə birlikdə 40-a yaxın müxtəlif Azərbaycan birinciliyi və çempionatları, o cümlədən ulu öndər Heydər Əliyevin xatirəsinə və Azərbaycanın Müstəqillik Gününə həsr edilən beynəlxalq şahmat festivalları təşkil edilib keçirilib.

Qeyd edək ki, tədbirdə Dövlət Proqramının başa çatmasından keçən dövr ərzində Proqram əsasında görülən işlər dərin təhlil edilib, hansı işlərin tam icra edildiyi, hansı işlərin isə daha yüksək səviyyədə təşkil edilə bilməsi imkanları araşdırılıb.

Son xəbərlər

Orphus sistemi