Azərbaycanın təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib.
“Report”un əldə etdiyi məlumata görə, həmin heyətin ümumi tədris işinin həcmi müxtəlif fəaliyyət istiqamətləri (tədris prosesində birbaşa iştirak, tədris prosesinə hazırlıqla bağlı fəaliyyət, qiymətləndirmə, tələbələrə dəstək, elmi-metodiki və metodiki işlər, elmi tədqiqat fəaliyyəti, peşəkar inkişaf və s.) əsasında formalaşan tədris işinin növlərindən asılı olaraq müəyyən edilir.
Təhsil müəssisələrində tədris işinin aşağıdakı növləri müəyyənləşdirilib:
- qrup (yarımqrup, qrup birləşmə) dərsləri (mühazirə, seminar, praktik məşğələlər);
- laboratoriya işləri;
- fərdi dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənlər üzrə yaradılan və 1 tələbə ilə aparılan dərs növü);
- əməli dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənn (ifaçılıq fənləri (müxtəlif ansambllar, kvartet, müşayiət sinfi, xalq rəqs musiqisi və s.); partitura qiraəti, polifoniya, duet, gimnastika və s.) üzrə yaradılan və 2-6 tələbə ilə aparılan dərs növü);
- təhsil müəssisəsindən kənarda keçirilən tematik dərslər (müəyyən mövzu üzrə təhsil müəssisəsindən kənarda keçirilən dərs növü);
- imtahanqabağı məsləhətlər;
- tələbələrin ixtisas üzrə təcrübəsi;
- kurs layihələrinin (işlərinin), buraxılış işinin, dissertasiya işinin (magistratura və doktorantura səviyyələri üzrə) hazırlanması prosesi ilə bağlı işlər (rəhbərlik, məsləhətlərin və rəyin verilməsi və s.);
- cari və aralıq qiymətləndirmənin aparılması, yoxlama işlərinin keçirilməsi, imtahanların qəbulu və s.
Professor-müəllim heyətinə təhsil müəssisəsinin rəhbərinin qərarı ilə 1,5 ştat vahidi həcmində tədris yükü ayrıla bilər. Bundan əlavə onlar könüllü olaraq əməyin saathesabı ödənilməsi qaydasında tədris yükündən 250 saatdan çox olmamaqla əlavə dərs deyə bilərlər. Bu zaman mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən az olmamalıdır.
Ali təhsil müəssisəsinin rəhbərinin qərarı ilə elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq elmi tədqiqatlarla məşğul olan professor-müəllim heyətinin (əsas iş yeri həmin ali təhsil müəssisəsi olduqda) illik tədris yükü 40 %-dək azaldıla bilər. Bu zaman həmin professor-müəllim heyətinin sayı ali təhsil müəssisəsinin professor-müəllim heyətinin ümumi sayının 5 faizindən çox ola bilməz.