Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sabunçu Gənclər Evi və Gənclərin İnkişafına Dəstək ictimai birliyinin təşkilatçılığı ilə Şuşa ilinə həsr olunmuş Sabunçu Məktəbləri arasında III intellektual çempionat keçirilib.
"Report" xəbər verir ki, çempionatda Sabunçu rayonunun 47 məktəbindən 300-dən çox gənc məktəbli iştirak edib.
Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov mətbuata açıqlamasında qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd gənclərin yaradıcı və intellektual inkişafına təkan verilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Bundan əlavə, Məhəmməd Məmmədov çempionatın seçim mərhələsindən final mərhələsinə 15 komandanın keçdiyini bildirib.
Çempionatın nəticəsi olaraq 69 saylı məktəbin komandası I, 215 saylı məktəbin komandası II, 307 və 81 saylı məktəbin komandası III yeri tutub.
Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıb.