AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin əməkdaşları şöbə müdiri Ənvər Əliyevin rəhbərliyi ilə Sumqayıt şəhəri və onun ətraf ərazilərində ekspedisiyada olublar.
AMEA-dan "Report"a verilən məlumata görə, məqsəd təbii mühitin stasionar və qeyri-stasionar mənbələrdən çirklənməsi və onların insan sağlamlığına təsir xüsusiyyətlərinin öyrənilməsi olub.
Tədqiqatçılar təbii mühitin bioloji aktivliyini təyin etmək üçün qabaqcadan seçilən müşahidə məntəqələrində metodiki tələblərə uyğun müxtəlif mənbələrdən nümunələr götürüblər. Nümunələrin təhlili mikroorqanizmlərin biosenozunun dəyişməsinə, insanın sağlamlığına təsir edən bir sıra yoluxucu və ya parazitar xəstəliklərin yayılmasının səviyyəsini qiymətləndirmək imkanı yaradacaq. Bioloji aktivliyi xarakterizə edən göstəricilər, eyni zamanda biosenozun, xüsusilə torpaq, bitki örtüyünün, su mənbələrinin müxtəlif növ çirklənməyə məruz qalma dərəcəsini, onların əhali sağlamlığı üçün risk səviyyəsini, habelə bu mühitin özünü təmizləmə qabiliyyətinin vəziyyətini xarakterizə etməyə imkan verəcək.