​Strasburq Universitetinin prezidenti ADU-da olub

​Strasburq Universitetinin prezidenti ADU-da olub Səməd Seyidov: "Bu yaxınlarda ADU-dan nümayəndə heyəti Fransanın Sarbon Universitetinə gedəcək"
Elm və təhsil
2 Aprel , 2015 16:22
​Strasburq Universitetinin prezidenti ADU-da olub

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi ilə Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərlik etdiyi Fransa ali təhsil müəssisələrindən olan nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə "Report"a ADU-dan məlumat verilib.

ADU-nun rektoru, deputat Səməd Seyidov çıxışında Fransanın aparıcı universitetlərinin məzunlarının bu gün ADU-da çalışdığını deyib: "Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisəsi kimi, ADU da hər iki dövlət arasındakı əlaqələrə hərtərəfli töhfə verməyə hazırdır. Azərbaycanda Fransa liseyi yaradılanda ADU-nun müəllimləri orada dərs deməyə başlayıb, yaranan iqtisadi əlaqələr zamanı universitetin fransız dili üzrə əməkdaşları bu işdə aktiv iştirak ediblər".

Azərbaycanda bütün sahələrdə, o cümlədən dil sahəsində inkişaf proseslərinin getdiyini deyən rektor Səməd Seyidov ADU-da da əsas prioritetin xarici dillərin yüksək səviyyədə tələbələrə mənimsədilməsi, onların xarici ölkələrdə təcrübə keçərək, eyni zamanda, təhsil alaraq savadlı mütəxəssislər kimi formalaşması olduğunu vurğulayıb.

Səməd Seyidov bu yaxınlarda universitetdən nümayəndə heyətinin Fransanın Sarbon Universitetinə gedəcəyini və orada keçiriləcək festivalda iştirak edəcəklərini deyib.

Strasburq Universitetinin prezidenti Alain Beretz çıxışında ADU rektoruna öz təşəkkürünü çatdırıb. Azərbaycan Dillər Universiteti və Strasburq Universiteti arasındakı əməkdaşlıqdan danışaraq bunun Azərbaycan-Fransa əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini bildirib: "ADU-nun bir neçə əməkdaşı Strasburq Universitetinin məzunlarıdır".

Görüş müzakirələrlə davam edib. 

Sonda Azərbaycan Dillər Universiteti tərəfindən qonaqlara hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi