Polşa geoloqu Vitold Zqlenitskinin kəşfləri Azərbaycanın neft-qaz sektorunun inkişafına mühüm töhfə verib.
"Report" xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfirinin müşaviri Mixal Qreçilo polşalı geoloq və ixtiraçı Vitold Zqlenitskinin həyat və yaradıcılığına həsr olunmuş tədbir zamanı deyib.
Onun sözlərinə görə, V.Zqlenitski Azərbaycanda az tanınır və bu səbəbdən də Polşanın Bakıdakı səfirliyi onun həyat və yaradıcılığına həsr olunmuş kitabın tərcüməsini təşkil edib: “Bu kitab bir neçə il əvvəl Polşada professor Anceey Xodubski tərəfindən yazılıb”.
“Biz istədik ki, Azərbaycandilli və ingilisdilli oxucular geoloq və ixtiraçının fəaliyyəti ilə daha yaxından tanış olsunlar. Buna görə də səfirlik kitabı iki dildə nəşr etməyi qərara alıb. Bu kitabın Azərbaycandilli versiyasının təbliği ilə bağlı tədbir bu ilin fevralında baş tutub və Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə təşkil olunub”, - müşavir bildirib.