Uşaqları tərbiyə edən, dəyərlər formalaşdıran, davranış qaydalarını öyrədən əsasən valideynlərdir.
Bunu “Report”a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.
Onun fikrincə, məktəblərdə, o cümlədən şagirdlər arasında neqativ hallar hər dövrdə olub: “Bu cür hadisələrin olması təbiidir. Sadəcə, son zamanlar məsələ elə təqdim olunur ki, sanki belə hallar yalnız Azərbaycanda yaşanır. Xeyr, bu, belə deyil. Sözsüz ki, biz bu kimi halların olmaması üçün əlimizdən gələni etməliyik”.
Hadisələrin səbəblərindən danışan şura sədri bildirib ki, son dövrlərdə valideynlərin övladları ilə effektiv zaman keçirmə formatı dəyişib: “Uşaq 6-7 yaşına qədər ailədə formalaşdıqdan sonra məktəbə gedir. Uşaqları tərbiyə edən, dəyərlər formalaşdıran, davranış qaydalarını öyrədən əsasən valideynlərdir”.
G.Səfərova hər bir ailənin özünəməxsus yanaşma və dəyərlərinin olduğunu vurğulayıb: “Əlbəttə, məktəbdə tərbiyə məsələsi davam etməlidir, amma orada əsas prioritet tədris prosesidir. Onsuz da kitablarımızda, dərsliklərimizdə, ədəbiyyatımızda təlim-tərbiyə, ümumi dəyələrin təbliği və vətəndaş kimi formalaşmaq məsələsi öz əksini tapır. İbtidai sinifdən başlayaraq müəllimlər şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olurlar. Amma pedaqoq və mütəxəssislər də təsdiqləyirlər ki, bu proses ailə ilə paralel aparılmalıdır. İlk dövrlərdə uşağın məktəbdə keçirdiyi zaman 3 saatdan artıq olmur, onun vaxtının böyük bir hissəsi evdə, ailəsi ilə keçir”.
Şura sədri Elm və Təhsil Nazirliyinin təhsil ocaqlarında neqativ halların qarşısının alınması üçün reallaşdırdığı uğurlu layihələrdən və onların nəticələrindən də söz açıb.
“Nazirlik bu kimi halları nəzərə alaraq sentyabrdan müxtəlif məktəblərdə şagird-davranış qaydalarının tətbiqinə başlayıb. Ancaq həmin vaxt valideynlərin bir çoxu dedi ki, bu, uşaqlarımızın hərəkətini məhdudlaşdıracaq. İndi isə əksini deyirlər. Biz bunun effektiv tərəflərini görürük. Mən tövsiyə edəcəm ki, bu qaydalar bütün məktəblərdə tətbiq olunsun. Burada uşaqların nümunəvi davranışına və tərbiyəsinə görə təqdir edilməsi məsələsi var. "Məktəblinin dostu" layihəsi də bu istiqamətdə uğurlu layihələr sırasındadır. Amma bütün bu layihələr baş verən neqativ halların qarşısını alacaqmı, xeyr! Çünki aqressiya hələ də bütün dünyanın müzakirə etdiyi məsələdir. Bunun genetik, yoxsa sonradan qazanılan xüsusiyyət olduğu hələ ki məlum deyil. O da danılmaz dır ki, bu məsələdə internet resurslarının, sosial şəbəkələrin, telefonların mənfi təsirləri kifayət qədərdir”, - o qeyd edib.
G.Səfərova söyləyib ki, individual yanaşma yalnız məktəbdən və müəllimdən tələb edilməməlidir: "Onsuz da heç kəs müəllimə qadağa qoymur ki, məktəbdə şagirdlər arasında toqquşma halları olduqda buna müdaxilə etməsin. Azərbaycan ailə modelinə və ailə dəyərlərinə görə bir çox ölkələrə nümunədir. Ailə çox dəyərli bir institutdur. Bu dəyərləri qorumalı və neqativ halların qarşısının alınması istiqamətində çalışmalıyıq”.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə məktəblərdə və məktəblilər arasında neqativ halların olması ilə bağlı görüntüləri yayılıb.