Sabahdan müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır

Sabahdan müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır 2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib.
Elm və təhsil
7 Sentyabr , 2020 10:40
Sabahdan müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır

2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, keçid balı Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyi üzrə 36 bal, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 30 bal müəyyən edilib.

Mövcud qaydalara əsasən keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

Yuxarıda qeyd olunan fənlər üzrə işə qəbul imtahanlarında iştirak edərək keçid balını toplamış namizədlər 8 sentyabr saat 14:00-dan 9 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Digər fənlər üzrə keçid balı və vakansiya seçiminin tarixi barədə yaxın günlərdə məlumat veriləcək.

Əvvəlki ildən fərqli olaraq, bu il peşə təhsili müəssisələrində mövcud olan vakant yerlər də namizədlərin seçimi üçün təqdim ediləcək.

Qeyd edək ki, 14-28 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apelyasiya şikayətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Son xəbərlər

Orphus sistemi