Sabah V ixtisas qrupu üzrə imtahan keçiriləcək

Sabah V ixtisas qrupu üzrə imtahan keçiriləcək İmtahanların idarə olunması üçün 386 imtahan rəhbəri, 3 560 nəzarətçi-müəllim ayrılıb
Elm və təhsil
4 İyul , 2016 15:15
Sabah V ixtisas qrupu üzrə imtahan keçiriləcək

Bakı. 4 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 5-də növbəti imtahanlar keçirəcək. 

TQDK-dan “Report”a verilən xəbərə görə, imtahanlar 14 şəhər və rayonda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 82 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 40 771 nəfər iştirak edəcək.

Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd verən 23 504 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd verən 13 039 nəfər əvvəlki illərin məzunları, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçən və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan 1 081 nəfər IX sinif , 3 147 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 386 imtahan rəhbəri, 3 560 nəzarətçi-müəllim ayrılıb.

Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 27-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Şagirdlər (abituriyentlər) imtahana “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı 2016-cı il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn şəxslər imtahan binasına buraxılmayacaqlar.

Son xəbərlər

Orphus sistemi