Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Elm və təhsil
17 İyul , 2021 16:16
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib.

O bildirilib ki, bu il olimpiadanın rayon (şəhər) mərhələsində 28 828 şagird iştirak edib: "Onlardan 16 116 nəfəri (56 faiz) qız, 12 712 nəfəri (44 faizi) isə oğlan olub. Olimpiadanın nəticələrinə əsasən, 155 nəfər bürünc, 116 nəfər gümüş, 56 nəfər qızıl olmaqla, ümumilikdə 327 nəfər qalib elan edilib. Hər bir fənn üzrə ən yaxşı nəticə göstərmiş 1 nəfər olmaqla, ümumilikdə 8 şagird "Birincilərin birincisi" nominasiyasına layiq görülüb".

Təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb: "Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq prioritet istiqamətlərdən olmalıdır".

Nazir çıxışının sonunda bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb.

Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərən 8 qızıl medalçıya - "Birinciləri birincisi"nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Son xəbərlər

Orphus sistemi