“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir Bu gün “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində ötən dövrün yekunları vurularaq ən müvəffəq olan müəllim və məktəb direktorları mükafatlandırılıb.
Elm və təhsil
696
10 İyul , 2020 16:27
“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

Bu gün “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində ötən dövrün yekunları vurularaq ən müvəffəq olan müəllim və məktəb direktorları mükafatlandırılıb.

“Report” xəbər verir ki, video formatında keçirilən tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, layihənin “Alqoritmika” şirkəti tərəfindən rəhbəri Anna Burda, habelə Nazirlik əməkdaşları, müəllimlər, məktəb direktorları iştirak ediblər.

Müasir rəqəmsal texnologiyaların tədrisdə tətbiqi baxımdan layihənin əhəmiyyətini qeyd edən Təhsil nazirinin müavini İT-nin tədrisdə tətbiqinin “Azərbaycan Respublikasında təhsilin inkişafına dair dövlət strategiyası”nda da mühüm yer tutduğunu dilə gətirib.

Natiq İnformatika fənninin yeni formatda tədrisi nəticəsində şagirdlərdə alqoritmik və məntiqi düşüncənin, proqramlaşdırma və layihələndirmə vərdişlərinin inkişaf etdiyini, bütün bunların da gələcəkdə onlara çox fayda verəcəyini vurğulayıb.

Daha sonra “Rəqəmsal bacarıqlar” barədə ümumi məlumat verən layihə rəhbəri Nilufər Rəhimova əldə edilən nailiyyətlər nəzərə almaqla qarşıdakı tədris ilində layihənin 9 şəhərdə 222 məktəbin 3-cü-8-ci siniflərin şagirdlərini əhatə edəcəyini diqqətə çatdırıb. Belə ki, Bakı, Sumqayıt, Şamaxı, Gəncə, Mingəçevir, Biləsuvarla yanaşı, bu layihəyə Lənkəran, Şirvan, Şəki məktəbliləri də cəlb ediləcək.

Başa çatan tədris ilinin ikinci yarısında koronavirus pandemiyası ilə bağlı Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq şirkətilə birgə bu layihə çərçivəsində televiziya və videodərslərə başladıqlarını qeyd edən N.Rəhimova indiyədək cəmi 72 televiziya, 197 videodərsin keçirildiyini, son vaxtlar isə hər həftə müəllimlər və şagirdlər üçün vebinarların təşkil edildiyini diqqətə çatdırıb.

Sonda “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində Bakı, Sumqayıt, Şamaxı, Gəncə məktəblərinin 100-dən artıq şagirdinin iştirakı ilə keçirilmiş “Novruz” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Həmçinin tədris ilinin yekunlarına görə 40 müvəffəq müəllimə və 22 məktəbə diplomlar təqdim edilib.

Emiliya Abbasova