“Rəngli perimetr” uşaq rəsm müsabiqəsinə yekun vurulub

“Rəngli perimetr” uşaq rəsm müsabiqəsinə yekun vurulub Müdafiə Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və ASAN Radionun dəstəyi ilə keçirilən 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunan hərbi vətənpərvərlik mövzusunda “Rəngli perimetr” adlı uşaq rəsm müsabiqə
Elm və təhsil
30 İyun , 2022 11:06
“Rəngli perimetr” uşaq rəsm müsabiqəsinə yekun vurulub

Müdafiə Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və ASAN Radionun dəstəyi ilə keçirilən 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunan hərbi vətənpərvərlik mövzusunda “Rəngli perimetr” adlı uşaq rəsm müsabiqəsinə yekun vurulub.

"Report" xəbər verir ki, Azərbaycan Hərb Tarixi Muzeyində müsabiqənin başa çatması və qaliblərinin mükafatlandırılması ilə bağlı təntənəli mərasim keçirilib.

Tədbirin əvvəlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov açaraq, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun uşaq rəsm müsabiqəsinin iştirakçılarına və qaliblərinə ünvanlanmış təbriklərini çatdırıb.

General-mayor B.Orucov çıxışında Azərbaycan Ordusunun formalaşması və ordu quruculuğu tarixinə nəzər salaraq, Cəmşid Naxçıvanski adına Hərbi liseyin qalib ordumuzun zabit heyətinin yetişdirilməsində misilsiz tövhələrindən danışıb. Natiq hərbi təhsil ocağının yaranmasında, milli hərbi kadrların yetişdirilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, eləcə də qalib Azərbaycan Ordusunun inkişafında və qüdrətlənməsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin danılmaz xidmətlərini xüsusi olaraq vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı Ağaəli İbrahimov qalibləri təbrik edərək, bu cür tədbirlərin uşaqlarda vətənpərvərlik ruhunun aşılanması, həmrəylik hisslərinin gücləndirilməsi, tariximizin yaddaşlarda həkk olunması və yaşadılması baxımından əhəmiyyətini xüsusi vurğuladı. Bildirildi ki, ordu hər bir dövlətin qürur rəmzi və sarsılmaz dayağıdır.

Təltifetmə mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Sərgi və Qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə və Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirli “Rəngli perimetr” uşaq rəsm müsabiqəsinin gənc istedadlarının üzə çıxarılması və onlara dəstək göstərilməsi yolunda, eləcə də gənclərin hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynadığını vurğuladılar.

Qeyd edək ki, gənc rəssamlar tərəfindən müsabiqəyə 200-dək rəsm əsər təqdim edilib. Xalq rəssamları Ağaəli İbrahimov və Xanlar Əhmədov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Mədəniyyət Nazirliyinin Sərgi və Qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə və Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət departamentinin rəhbəri Ülviyyə Bəbirlinin təmsil olunduqları münsiflər heyətinin qərarına əsasən mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı ilə seçilən 44 rəsm əsəri sərgiyə vəsiqə qazanıb.

5-15 yaş arası uşaqlar və məktəblilərin kağız, kətan üzərində rəngli boyalarla çəkdikləri rəsmlərin əsas mövzusu hərbi vətənpərvərlik, düşməndən azad olunmuş Vətən torpağı, doğma yurd yerlərimiz, rəşadətli Azərbaycan Ordusu, qədim Şuşa və azad Qarabağdır.
Münsiflər heyətinin qərarına əsasən birinci yerə Turan İbrahimli və Ayla Əziz, ikinci yerə Aylin Yaqublu və Riad Şıxəliyev, üçüncü yerə isə Mələk Quliyeva və Nurgül Əliyeva layiq görülmüşlər.

Müsabiqənin qaliblərinə, eləcə də münsiflər heyəti tərəfindən seçilmiş 62 rəsm əsərinin müəlliflərinə, eyni zamanda müsabiqənin təşkili və keçirilməsində fəal iştirak edənlərə Müdafiə nazirliyi adından Fəxri Fərmanlar, Təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirin sonunda Azərbaycan Hərb Tarixi Muzeyinin açıq səma altında sərgilənən eksponatlarına, ekspozisiya zallarına və müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi