Xaricdə yaşayan azərbaycanlı alimlərin Qarabağ Universitetinə gələrək həm tədris prosesinə, həm elmi prosesə dəstək göstərmələri ilə bağlı işlər həyata keçirilir.
"Report" xəbər verir ki, bunu Universitetin rektoru Şahin Bayramov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, hazırda çoxsaylı Azərbaycan alimlərinin universitetə daimi əməkdaş kimi cəlb olunması ilə bağlı danışıqlar aparılır:
"Xaricdə yaşayan azərbaycanlı alimlərin universitetimizə gələrək həm tədris prosesinə, həm elmi prosesə dəstək göstərmələri ilə bağlı işlər həyata keçirilir. Şübhə yoxdur ki, Qarabağ Universitetinin fəaliyyətində xaricdə yaşayan azərbaycanlılarımızın iştirakı, onların dəstəyindən faydalanmaq nəzərə alacağımız əsas məsələlərdən biri kimi bütün dövrlərdə universitetimizin gündəliyində olacaq".
Rektor, həmçinin vurğulayıb ki, elmi tədqiqat sahəsində ilkin mərhələdə daha çox mühəndislik istiqaməti ilə bağlı laboratoriyaların formalaşdırılması nəzərdə tutulur.
"Təbii ki, ixtisaslarımızın tələblərinə uyğun olan süni intellekt, fizika, kimya, robototexnika və informasiya texnologiyaları laboratoriyalarının yaradılması da planlaşdırılır. İlkin mərhələdə universitetimizdə yalnız birinci kursların təhsil aldığını nəzərə alsaq, laboratoriyaların seçilməsi və yaradılmasında ilk tədris ilinin ehtiyaclarını maksimal dərəcədə əsas götürürük. Növbəti mərhələdə müvafiq ixtisasların tələblərindən irəli gələn peşəkar və müasir laboratoriyaların qurulması istiqamətində də planlarımız var", - deyə o bildirib.