Rauf Hüseynzadə:"Ermənilərin əsas vətəni Balkan yarımadasıdır"

Rauf Hüseynzadə:"Ermənilərin əsas vətəni Balkan yarımadasıdır" "Qafqaz və ermənilər" kitabının təqdimat mərasimi keçirilib
Elm və təhsil
3 Mart , 2015 14:16
Rauf Hüseynzadə:Ermənilərin əsas vətəni Balkan yarımadasıdır

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında "Qafqaz və ermənilər" kitabının təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova və başqaları iştirak ediblər.

Rus dilində çap olunmuş kitabın müəllifi Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Rauf Hüseynzadədir. 

Kitab müəllifi bildirib ki, kitab ermənilərin törətdiyi təxribatlara, onların tarixini əks etdirən sənədlərə əsaslanaraq yazılıb: "Onlar qeyd edir ki, biz həmişə Qafqazda yaşamışıq. Məhz bu səbəbdən mən erməni, rus və Qərb mənbələrindən materialları topladım. Kitabda Azərbaycan mənbələrinə istinad qətiyyən yoxdur. Kitabda Ermənilərin əsas vətəni Balkan yarımadası olduğu faktlar əsasında verilib. 100 il bundan əvvəl bunu özləri də qəbul edirdilər. İndi isə təkidlə bildirirlər ki, "biz həmişə Qafqazda yaşamışıq". Amma bunu sübut etmək çətindir, çünki onların tarixində 34 Ermənistan var. Bu tarixi faktları ört-basdır etmək məqsədi ilə "Böyük Ermənistan" terminini ortaya çıxararaq "34 Ermənistan"ın hamısını əhatə edən xəritə tərtib ediblər. İndi isə yeni xəritə çap ediblər ki, həmin xəritədə Ermənistan İspaniyadan başlayır, mərkəzi Asiyada qurtarır.

Mən bu kitabda eşitdiklərimə yox, gördüklərimə əsaslanmışam. Kitab ancaq tarixi faktlar əsasında yazılıb. Kitab geniş yayılması məqsədi ilə rus dilində çap olunub".

Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, "Qafqaz və ermənilər" kitabı son dövrlərin tarixini əhatə edən ən əhəmiyyətli əsərlərdən biridir: "Bu kitab bizim günümüzün zərurətidir. Kitab digər dillərə də tərcümə olunmalıdır. Bu əsər gələcək tədqiqatlar üçün mənbəyə, qaynağa çevriləcək".

Rauf Hüseynzadənin tədqiqatlarının çox rəngarəng olduğunu bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova deyib ki, kitab ermənilərin Rusiya imperiyası vasitəsi ilə Qafqaza köçürülməsini tarixi faktlar əsasında sübut edir: "Kitabda faktların daha dəqiq olması üçün rus, erməni və qərb müəlliflərinə istinad olunub".

Son xəbərlər

Orphus sistemi