Bakı. 7 aprel. REPORT.AZ/ Qeyri-sabit hava şəraiti bəzi ağaclarda tozlanma prosesini demək olar ki dayandırıb.
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.
O xatırladıb ki, martın 26-27-də Azərbaycanın bütün düzən ərazilərində 16-18 dərəcə istilik müşahidə olunub, yəni havanın temperaturu yüksəlib: "Belə olanda Azərbaycanda alçaq atmosfer təzyiqi sahəsi yaranır. Bu zaman Qərbi Avropanın şimalında və Aralıq dənizi üzərində yüksək təzyiq qurşağı əmələ gəlir. Nəticədə yüksək təzyiq qurşağından alçaq təzyiq qurşağına mülayim dəniz və dəniz arktik hava kütlələri daxil olur. Təzyiq fərqi çox olduğu üçün həmin hava axını böyük sürətlə gəlir. Nəticədə Azərbaycan ərazisində həm temperatur aşağı düşdü, həm də düzən ərazilərdə güclü yağış, dağətəyi ərazilərdə yağış yağdı, dağlıq ərazilərdə sulu qar və qar müşahidə olundu. Bunun səbəbi bir neçə gün əvvəl yüksək temperatur şəraitinin əmələ gəlməsidir".
Mütəxəssis qeyd edib ki, martın 23-24-dən Azərbaycanda çəyirdəkli meyvələr: şaftalı, ərik, badam, alça ağacları çiçəkləyib: "Bu ağaclarda tozlanma getmək üçün yüksək temperatur müşahidə olunmalıdır. Lakin sonrakı günlərdə yağış yağması və temperaturun aşağı düşməsi onlarda tozlanma prosesini demək olar ki dayandırdı, bu da adlarını qeyd etdiyimiz ağacların məhsuldarlığının təxminən 50-60 faiz azalmasına gətirib çıxardacaq. Tumlu meyvələr, yəni alma, armud, gilas, gilanar hələ çiçək açmadığı üçün onların məhsuldarlığına hər hansı bir təsirdən söhbət gedə bilməz".
M.Həsənov hava şəraitinin qəfldən dəyişməsi və temperaturun enməsinin təbiətə ziyanı və xeyri barədə də danışıb. O bildirib ki, bu cür hava şəraitinin müsbət cəhəti taxıl bitkilərinin rütubətlə təmin olunmasının yaxşılaşmasıdır: "İlin bu vaxtı yağan yağış nəticəsində bütün quraq ərazilər rütubətlə təmin olunur. Yəni martın son günlərində yağıntının çox olmasının müsbət cəhəti odur ki, torpağın rütubəti artdı. Mənfi cəhət isə çiçək açan çəyirdəkli meyvələrin çiçəklərinin əksəriyyətini şaxta vurub, saraldıb tökməsi oldu".
İqlimşünas bildirib ki, mart ayının 28-29-30-da əsasən Abşeron yarımadası, Samur-Dəvəçi, Kür-Araz ovalığı ərazisində, Mərkəzi Aran rayonlarında qeyri-sabit hava müşahidə olunub: "Həmin ərazilərdə də ağaclara ziyan dəyib, yəni ziyan əsasən düzənlik ərazilərə dəyib. Dağətəyi zonalarda, xüsusən Ağsu, Şamaxı, Göyçay, Bərdə, Göranboy, Ağdam kimi rayonlarda hələ çiçəkaçma olmayıb deyə orda hələ ziyan yoxdur. Apreldə yenidən havanın temperaturu düşsə məhsuldarlığa mənfi təsir göstərəcək".