“Qazi müəllimlər” kitabı təqdim olunub 

“Qazi müəllimlər” kitabı təqdim olunub  Vətən müharibəsində Bakı müəllimlərinin döyüş yolundan bəhs edən “Qazi müəllimlər” kitabının təqdimat mərasimi keçirilib.
Elm və təhsil
273
12 Noyabr , 2021 13:24
“Qazi müəllimlər” kitabı təqdim olunub 

Vətən müharibəsində Bakı müəllimlərinin döyüş yolundan bəhs edən “Qazi müəllimlər” kitabının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Nəsibov, qazi müəllimlər, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, nəşrdə 38 qazi müəllimin döyüş yolundan bəhs olunub. İdarə müdiri yetişməkdə olan nəsillərə vətənpərvərlik hisslərinin aşılanmasının məktəblərin qarşısında duran ən vacib vəzifələrindən biri olduğunu, müəllimin təlim-tərbiyə prosesindəki rolunun, tövsiyələrinin, davranışının şagirdlərin şəxsiyyət kimi formalaşmasında çox mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, müəllimin həm də əlinə silah alıb Vətənin müdafiəsinə qalxması, düşmənə qarşı canını sipər etməsi yetirmələri üçün bir başqa nümunə, əsl həyat örnəyidir.

İdarə müdiri Vətən müharibəsi iştirakçısı olan müəllimlərin həyat və fəaliyyətini, döyüş yolunu geniş ictimaiyyətə çatdırmağın, günümüzün qəhrəmanlarını təbliğ etməyin vacibliyinə toxunaraq bildirb ki, bu baxımdan “Qazi müəllimlər” kitabı millətin gələcəyi olan uşaqlara bilik və bacarıqlar aşılayan, Vətən üçün layiqli şəxsiyyət yetişdirən müəllim obrazını fərqli tərəfdən təqdim etmək imkanı yaradır.

M.Vəliyeva kitabın təhsilalanlar və təhsilverənlər, eləcə də geniş oxucu auditoriyası üçün məktəb divarları arasında fədakar əməyi ilə seçilməklə yanaşı, həm də cəbhədə, soyuq səngərlərdə Vətən savaşında şücaət göstərən müəllimləri tanımaq, onların nümunəvi fəaliyyətinin öyrənilməsi baxımından istinad mənbəyi olacağını qeyd edib.

Digər çıxışçılar kitabı Vətən müharibəsi qaziləri ilə bağlı hazırlanmış ilk nümunələrdən biri olaraq yüksək dəyərləndiriblər. Qeyd edilib ki, Qarabağ savaşına yollanaraq zəfərlə geri dönən Azərbaycan müəlliminin qəhrəmanlıq dastanının təcəssümü olan kitab müəllim şəxsiyyətinin mətin və bütöv obrazının tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov “Qazi müəllimlər” kitabını Qarabağ savaşından üzüağ çıxan, zəfər tarixinə öz imzasını atan müəllimlərə olan minnətdarlıq duyğusunun ifadəsi kimi dəyərləndirib. O bildirib ki, Təhsil Nazirliyinin prioritetləri sırasında daha vətənpərvər və yüksək bilikli gəncliyin yetişdirilməsi əsas yerlərdən birini tutur: "Bu baxımdan qazi müəllimlərin təbliğ olunması mühüm əhəmiyyət kəsb edir".

Mərasimin sonunda BŞTİ-nin nəzdindəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin xorunun ifasında “Zəfər mahnısı” səsləndirilib.

Son xəbərlər

Orphus sistemi