Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi İlaxır çərşənbə münasibətilə Ağcabədi rayonunun bir neçə kəndində bayram şənlikləri təşkil edib. "Report" xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirə yüzlərlə məktəbli uşaq və gənc, habelə kənd ictimaiyyəti qatılıb.
Tədbirləri giriş sözü ilə açan Mərkəzin nümayəndəsi Radə Telmanqızı bayram təbriklərini çatdıraraq, Azərbaycan xalqının min illər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərin ən gözəl nümunələrindən olan bu əziz bayramı bu ildə hər yerdə böyük sevinc və fərəhlə qarşıladığını vurğulayıb.
Tədbirdə rayonun ağsaqqalları da çıxış edib. Onlar xalqımızın bəzi adətlərindən danışaraq ən əhəmiyyətli adətlərimizdən birinin məhz tonqal qalamaq olduğunu deyiblər: "Bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya çağırardılar. İki tonqal qalayanda bütün eli-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Üç tonqal qalayanda isə bütün el-oba birliyə dəvət olunardı. Gəlin biz də hamımız bir yerdə olaq, üç tonqal qalayaq".
Daha sonra tonqal qalanıb, məktəblilərin ifasında maraqlı səhnələr, şeir və mahnılar, habelə rəqslər və idman nömrələri təqdim olunub. Tədbirə Novruzun əsas personajlarının - Dədə Qorqud, Bahar qız, Keçəl və Kosanın gəlməsi də bayram şənliyini daha yaddaqalan edib. Gənclər onlarla birgə tonqal ətrafında yallı gedib.
Bayram şənliyi gənclərin müxtəlif yarış və müsabiqələri ilə davam etdirilib.