İxtiraların və faydalı modellərin patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov müxtəlif ali məktəblərində təhsil alan tələbə və doktorarantlar, o cümlədən elm sahəsində çalışan gənclərlə görüşündə deyib.
O bildirib ki, bu, Azərbaycan Prezidentinin "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Fərmanı əsasında ölkəmizdə ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə atılan addımdır. Belə ki, ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, Agentlik tərəfindən milli ixtiraçılara texnologiyalarının kommersiyalaşdırılması məqsədilə müvafiq dəstəyin göstərildiyi vurğulanıb.