Təhsildə Keyfiyyət Təminatı Agentliyi mart ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Agentlikdən “Report”a verilən məlumata görə, ötən ay üzrə 205 müraciətçinin 150-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 29, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 21, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və ixtisasın ekvivalentliyi olmaması səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
İxtisas seçimlərində iqtisadiyyat üzrə 31, hüquqşünaslıq üzrə 26, maliyyə üzrə 32, tibb üzrə 19, biznesin idarə edilməsi üzrə 17, menecment üzrə 15, mühəndislik üzrə 13, təhsil elmləri üzrə 11, beynəlxalq münasibətlər üzrə 9, kompüter elmləri üzrə 8 və digər ixtisaslar üzrə 24 nəfər müraciətçi qeydə alınıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 67, Türkiyədən 54, Rusiyadan 42, Gürcüstandan 16, Çin Xalq Respublikasından 6, digər ölkələrdən isə 20 müraciətin olduğu müşahidə olunur.