Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yanvar ayı üçün tanınma üzrə müraciətlərə dair statistik məlumat açıqlanıb.
"Report" xəbər verir ki, qeyd edilən ay üzrə icrası 21 gün ərzində tamamlanan 199 müraciətçinin 138-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 28, tanınma üçün müraciət etdiyi ixtisasının ölkə ərazisində ekvivalentinin olmaması səbəbi ilə 2 və xarici baza (bakalavr) ixtisasının tanınmaması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
İxtisas seçimlərində iqtisadiyyat üzrə 34, hüquqşünaslıq üzrə 24, tibb üzrə 24, maliyyə üzrə 23, mühəndislik üzrə 21, biznesin idarə edilməsi üzrə 14, beynəlxalq münasibətlər üzrə 9, turizm üzrə 7, menecment üzrə 6 və digər ixtisaslar üzrə 37 nəfər müraciətçi qeydə alınıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 59, Rusiyadan 51, Türkiyədən 46, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, Qazaxıstandan 5, İrandan 2, Belarusdan 2, Polşadan 2 və Çexiyadan 1 nəfərin yer aldığı müşahidə olunur.
Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.