Fəlsəfə doktoru: "Novruz bayramı İslama zidd deyil"

Fəlsəfə doktoru: "Novruz bayramı İslama zidd deyil" "Novruz yeganə bayramdır ki, heç bir dini, mistik əsası yoxdur"
Elm və təhsil
28 Fevral , 2015 11:41
Fəlsəfə doktoru: Novruz bayramı İslama zidd deyil

Bakı. 28 fevral. REPORT.AZ/ "Novruz bayramı İslama zidd deyil. Yanlış fikirdir ki, biz qılınc müsəlmanıyıq. Bəlkə də İslamı ən rahat qəbul edən xalqlardanıq. Çünki ondan əvvəl də bizdə təkallahlılığa meyil var idi". Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Onun sözlərinə görə, Novruz yeganə bayramdır ki, heç bir dini, mistik əsası yoxdur: "Novruz tam təbii şəkildə həyatın, təbiətin dəyişilməsi fəlsəfəsinə bağlanır. Yazın gəlişi dünyanın təzələnməsi, yenilənməsidir. Nə qədər kainat və həyat olacaq, nə qədər sonsuzluq və əbədilik var, bu bayram da qeyd olunacaq".

Novruzun İslamdan çox illər əvvəl yarandığını bildirən A.Əhmədli bildirib ki, bu bayramın İslamla heç bir əlaqəsi yoxdur: "Xalqımız İslamı qəbul edəndən sonra yeni qaydalar köhnə mühafizəkar qaydaların üzərində yarandı. İslamın özü Novruz adətlərindən qaynaqlanıb. Çünki İslami qaydalarla Novruz ənənələri arasında oxşarlıq çoxdur. Novruzda böyüklərə, kimsəsizlərə gedib baş çəkmək, qonşulara pay vermək, evdə olmayan, yerlərini dəyişənlərin ocağını yandırmaq kimi ənənələr İslamın əsasını təşkil edən qaydalar ilə eynilik təşkil edir".

O deyib ki, Novuz tamamilə insanlıq üçündür, bu bayram nəinki Azərbaycan, türk xalqlarının, bütün bəşəriyyətin bayramıdır: "Bu baxımdan da bildiyiniz kimi, 2009-cu ildə Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə mart ayının 21-i BMT tərəfindən "Beynəlxalq Novruz Günü" elan olunub".

"Novruz bayramı xüsusi sifarişlə qeyd edilən bayram deyil ki, məhz hansısa gün qeyd olunsun. Bu bayram insanların özünün tarixən - minilliklər boyu yığdığı, topladığı təcrübədir. Xalqımız Novruz bayramında günəşin gəlişini bayram edir. Novruzun əsası bərabərlikdir, kainatda baş verən bərabərliyi insanlar yerdə stimullaşdırır", - alim deyib.

Son xəbərlər

Orphus sistemi