Növbəti iki gündə maqnit qasırğası davam edəcək.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından "Report"a verilən məlumata görə, son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olub.
Günəş səthində aktiv oblastlarda radiosiqnalların orta təsirli - güclü kəsilmələrinə səbəb olan M və radiosiqnalların daha güclü kəsilmələrini yaradan böyük X1 alışmaları baş verib. Oktyabrın 1-də baş verən üç tac kütlə atılmasının analizi göstərib ki, sonuncu tac kütlə atılması özündən əvvəlki iki tac kütlə atılmasını qabaqlayaraq Yerə daha tez - oktyabrın 4-də gecə saatlarında çatacaq. 3-5 oktyabr tarixləri üçün Günəş aktivliyi yüksək səviyyədə olacaq.
Oktyabrın 1-də baş vermiş tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində oktyabrın 3-də geomaqnit sahədə mülayim, oktyabrın 4-də isə orta-mülayim səviyyəli geomaqnit qasırğası yaranacaq. Oktyabrın 5-də geomaqnit sahə sakit və aktiv səviyyədə olacaq.
Oktyabrın 3-də Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 70% və X sinif alışmalar üçün isə 30%-dir.