Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycana gəlib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib.
Rektor qeyd edib ki, UNEC İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gələn Əziz Səncəri özü qarşılayıb: “Forum çərçivəsində Əziz Səncərin iştirakı ilə çox faydalı görüşlər (o cümlədən gənc tədqiqatçılar, olimpiada qalibləri olan yuxarı sinif şagirdləri və bir qrup şəhid övladları-tələbələr və Gəncədən olan qızımız Xədicə ilə görüş), çox maraqlı müzakirələr (o cümlədən, Postcovid elm və təhsilinə elmi baxış), Şuşaya səfər və digər maraqlı tədbirlər nəzərdə tutulub. Dəvətimizi qəbul etdiyinə görə dəyərli Əziz Səncərə təşəkkür edirik”.
Qeyd edək ki, forum 1-3 dekabr tarixlərinə Gülüstan sarayında baş tutacaq. Ə.Səncər Forum çərçivəsində alimlərlə görüşəcək, eyni zamanda çıxış edəcək.
Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycana gəlir.
“Report” xəbər verir ki, dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisadi Forumunda iştirak edəcək.
Forumun ilk günü, dekabrın 1-də Ə.Səncərin alimlərlə görüşü planlaşdırılır. O, dekabrın 2-də “Post-pandemiya dövründə elm və təhsil” adlı II paneldə çıxış edəcək.
Eyni zamanda Bakıda Ə.Səncərin 75 illik yubileyinə həsr olunan ziyafət təşkil olunacaq.
Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də Gülüstan sarayında başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi “Zəfər Yolu”dur.
Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbir dekabrın 3-də başa çatacaq.