Azərbaycanda oxuyan tələbələrin sayının 2026-cı ildə 75 minə çatması hədəfdir.
“Report”un xəbərinə görə, bunu Azərbaycanda beynəlxalq təhsil imkanları adlı tədbirdə çıxışı zamanı Elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
O qeyd edib ki, Azərbaycanda əcnəbi tələbələrin və onların əhatə dairəsinin artdığı müşahidə edilir.
“Bunun üçün sistemli iş tələb olunur ki, bütün bu istiqamətdə atılan addımlar vahid olarsa, nəticə daha da müsbət olacaq. Ölkədə ali təhsilə qəbul 60 min nəfəri keçib. Biz bu sayın 2026-cı ildə 75 min nəfərə çatdırılmasını hədəfləmişik”, - nazir müavini deyib.
Onun fikrincə, əcnəbi tələbələrin ölkədə artmasına töhfə verən digər addımlardan biri də özəl universitetlərin əcnəbi tələbələr üçün ayırdığı təqaüdlərdir.
“Düşünürəm ki, bu cür addımlar sistemli olması təhsilimizin gələcəyi üçün daha səmərəli olacaq”, - H.Həsənli deyib.