“Yeni məktəbli formaları ilə bağlı hansısa gərginlik var. Bəzən bu, məlumatsızlıq ucbatından, bəzən də valideynlərin düzgün ünvanlara müraciət etməmələri səbəbindən baş verir”.
“Report” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nazirlik məktəbli formalarının satışı və tikişi ilə məşğul olan qurum deyil: "Biz yalnız həmin formaların nümunəvi qaydada olmasına nəzarət edirik. Təbii ki, burada məcburiyyət yoxdur. Bu, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Ümumilikdə, vahid geyim formalarının olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı və faktı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Bu halda məsələyə baxıla və ölçü götürülə bilər".