Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Türkiyənin oradakı Baş konsulu Asip Kaya ilə görüşüb.
Bu barədə "Report"un yerli bürosuna nazirlikdən məlumat verilib.
Təhsil naziri rəsmi qonağı salamlayaraq, onu yeni təyinatı münasibətilə bağlı təbrik edib, Naxçıvandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Naxçıvanda fəaliyyətindən məmnunluğunu ifadə edən Asip Kaya Türkiyənin Naxçıvandakı Baş Konsulu olmasından qürur duyduğunu ifadə edib.
Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.
Rəhman Məmmədov təhsil sahəsində qardaş Türkiyə ilə əlaqələrdən danışaraq qeyd edib ki, 2020-2021-ci ildən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bildirilib ki, Türkiyə Respublikasından dəvət olunan təlimçilər tərəfindən məktəblərdə STEAM tədris edən müəllimlər üçün STEAM metodologiyasına aid təlimlər keçirilib.
Naxçıvanda ilk dəfə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda Türkiyə STEAM Təhsil Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru Devrim Akgündüz və Astronomiya Tətbiqi Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru Orxan Gölbaşı da iştirak edərək naxçıvanlı həmkarları ilə öz təcrübələrini bölüşüblər.
Həmçinin diqqətə çatdırılıb ki, Türkiyə Teknoloji Takımı Vakfı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən Teknofest-2022 festivalında Naxçıvan məktəbliləri də iştirak ediblər.
Tərəflər bundan sonra da təhsil sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparıblar.