Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmayan namizədlərin apellyasiya müraciətlərinin qəbulu həyata keçiriləcək.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, müraciətlərin qəbulu 16-17 aprel tarixlərini əhatə edəcək.
Müraciətlərin qəbuluna 16 aprel saat 00:00-dan etibarən start veriləcək və proses 17 aprel saat 23:59-dək davam edəcək.
Namizədlər şəxsi səhifələrinə daxil olmaqla müvafiq xanaya elektron poçt ünvanlarını yazaraq apellyasiya müsahibələrində iştirak etmək üçün müraciətlərini təsdiqləməlidirlər.
Namizədlərə elektron poçt ünvanını düzgün qeyd etdiklərinə əmin olmaq və hazırda aktiv olan elektron poçt ünvanını daxil etmək tövsiyə olunur.
Qeyd edək ki, apellyasiya müsahibələri onlayn formatda və “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.