Təhsil müəssisələrində istilik təminatına dair yarana biləcək məsələlərlə bağlı aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb.
"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, Agentliyin tabeliyində 1674 məktəbəqədər təhsil müəssisəsi, 4209 ümumi təhsil müəssisəsi və 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir:
"Müvafiq qurumlarla birgə həyata keçirilən hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb. Eyni zamanda yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib".
Vurğulanıb ki, işçi qruplara daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır:
"Ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirilməsi prosesi təmin olunur".