Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.
Bu barədə "Report"a Təhsil İnstitutundan məlumat verilib.
Qeyd edilib ki, elektron sənəd qəbulu mərhələsi 22-30 may tarixlərini əhatə edib. Bu müddət ərzində namizədlərə miq.edu.az saytına daxil olaraq müsabiqədə iştirak etmək üçün müraciət imkanı verilib. Hazırda qeydiyyatını tamamlayaraq təsdiq etmiş namizədlərin elektron ərizələrinin emalı prosesinə start verilib. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.
Ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.