Azərbaycanda ​yaşı milyon ildən artıq olan düşərgə aşkar edilib

Azərbaycanda ​yaşı milyon ildən artıq olan düşərgə aşkar edilib Bu abidələrin turizm potensialı var
Elm və təhsil
22 Dekabr , 2014 17:35
Azərbaycanda ​yaşı milyon ildən artıq olan düşərgə aşkar edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Mingəçevir gölü ətrafında aparılan araşdırmalar nəticəsində yaşı milyon ildən artıq olan ibtidai insanların açıq tipli düşərgəsi aşkar edilib.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli bildirib.

O, həmçinin bu il ərzində institut tərəfindən həyata keçirilən araşdırmalarla bağlı qeyd edib ki, ilin ikinci yarısı aparılan arxeoloji qazıntılar nəticəsində Qəbələ ərazisindən 450-500 min il bundan əvvələ aid, Paleolit dövrünü əks etdirən daşdan əmək alətləri tapılıb: "Bu da hələ o dövrdən Qəbələ ərazisində insanların məskunlaşdığını sübut edir".

N.Müseyibli deyib ki, hazırda Şəmkirdə tədqiqatlarımız davam edir, qazıntı işləri aparılır: "Şəmkirdə aparılan arxeoloji qazıntılar bir layihədir. Bu layihə Arxeologiya və Etnoqrafiya İnstitutu, "Regionların İnkişafı" İctimai Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir. 6 ildir ki, burda fasilələrlə qazıntı işləri aparılır. Şəhərin mərkəzi "Narınqala" hissəsinin demək olar ki, bütün strukturu açılıb. Çox möhtəşəm memarlıq qalıqları aşkar edilib".

O vurğulayıb ki, Şabran və Şəmkir Azərbaycanda, həmçinin bütövlükdə Qafqazda orta əsrlərə aid ən geniş qazıntı işləri aparılan ərazilərdir: "Bu abidələrin hər ikisi həm orta əsrlər dövrü üçün əhəmiyyət kəsb edir, həm də turizm potensialı var".

Son xəbərlər

Orphus sistemi