Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında yerləşən köhnə kitabxanadan yeni Mərkəzi Elmi Kitabxanaya kitabların köçürülməsi işi davam edir. Bu barədə "Report"a AMEA Mərkəzi Elmi Kitabxanasının mətbuat xidmətindən məlumat verilib.
Kitabxananın işçi personalından ibarət qrup xüsusi nəzarət altında, təlimata uyğun olaraq kitabları müvafiq fonda görə ayırır və qeydiyyatını aparır. Digər bir qrup isə yeni binaya daşınmazdan əvvəl köhnəlmiş kitabların bərpa olunmasını təşkil edir.
Kitabların yeni binaya aparılması prosesi onlara yeni inventar kodları və elektron çiplər vurularaq davam etdirilir.
Bu günədək köçürülən 143 000-dən çox kitab inventarlaşdırılıb. Nadir kitablar fondundan köçürülmə artıq tamamlanıb. Ümumi fond, Şərq ədəbiyyatı fondu və Mübadilə fondundan köçürülmə prosesi isə davam edir.