Məktəblilər arasında aqressiv davranışın qarşısını necə almaq olar?

Məktəblilər arasında aqressiv davranışın qarşısını necə almaq olar? “Bu gün bir sıra məktəblər təhsilin səviyyəsi əvəzinə qısnama - bullinq, zorakılıq, xoşagəlməz insidentlər, cinayət hadisələrilə gündəmə gəlirsə bu, təhsil ictimaiyyətini, Elm və Təhsil Nazirliyini, müvafiq təşkilatları, uşaq birliklərini ciddi düşündürmə
Elm və təhsil
5 Oktyabr , 2022 13:20
Məktəblilər arasında aqressiv davranışın qarşısını necə almaq olar?

“Son vaxtlar məktəblilər arasında aqressiv hadisələrin sayı artıb”.

Bunu “Report”a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

O söyləyib ki, bu gün bir sıra məktəblər təhsilin səviyyəsi əvəzinə qısnama - bullinq, zorakılıq, xoşagəlməz insidentlər, cinayət hadisələrilə gündəmə gəlirsə bu, təhsil ictimaiyyətini, Elm və Təhsil Nazirliyini, müvafiq təşkilatları, uşaq birliklərini ciddi düşündürməlidir.

A.Musayeva qeyd edib ki, son vaxtlar məktəblilər arasında aqressiv hadisələrin sayının artması, cinayət hallarının baş verməsi cəmiyyətdə haqlı olaraq narahatlıq doğurur:

“Paytaxtın 112 saylı məktəbində 9-cu sinif şagirdinin digər məktəbli tərəfindən döyülməsi, Naxçıvanda 10-cu sinif şagirdinin sinif otağında özünü asması, İsmayıllı rayonunda 10-cu sinif şagirdinin bıçaqlanması… Bütün bunlar təkcə bir gün ərzində məktəbdə baş verən və dəhşət saçan hadisələrdir. Nədir məktəbliləri belə aqressivləşdirən, cinayət törətməyə, özünə qəsd etməyə vadar edən? Günah uşaqda, valideyndə, yoxsa məktəb rəhbərliyindədir? Əslində cəmiyyət olaraq günahkarıq. Bu, cəmiyyətdəki, ailələrimizdəki aqressiyanın məktəblərə sıçramasıdır. Yeniyetmə şagirdin sinif yoldaşına qarşı belə aqressiya nümayiş etdirməsi ailədə toplanan mənfi enerjinin ətrafa yansımasıdır. Ailədə valideynlər bir-birlərinə zorakı davranışlar göstərirlərsə və uşaqlar ətrafdakı problemlərin qəzəblə həll olunduğunu görürlərsə, bu artıq onlarda bir davranış olaraq formalaşır. İndiki dövrdə bu davranışların formalaşmasında ailədəki tərbiyə ilə yanaşı, ətraf mühit və sosial şəbəkələr də az rol oynamır”.

Aynur Musayeva
Aynur Musayeva

Mərkəz rəhbəri bildirib ki, doğrudur, məktəblərdə bullinqə bütün ölkələrdə rast gəlinir: “ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub. Qərb ölkələrində aparılan tədqiqatlar göstərir ki, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir. Hazırda bullinq üzrə tədqiqatlar ABŞ, Fransa, Britaniya, Finlandiya, Cənubi Koreya kimi ölkələrdə aparılır. Dünyada bu cür halların artması bir çox, əsasən də Avropa ölkələrində sərt qaydaların tətbiq edilməsinə ehtiyac yaradıb. Bu yaxınlarda Fransada qəbul olunan qərara əsasən məktəblərdə qısnama - bullinq cinayət sayılacaq. Qanuna görə bu cür hallarda 3 ilə qədər həbs cəzası və 45 min avroya qədər cərimə nəzərdə tutur. İş daha da geniş vüsət alarsa və qısnama qurbanı özünü öldürərsə, cəza 10 ilə qədər, cərimə isə 150 min avroya qədər artırıla bilər. İstənilən ölkədə və bütün hallarda məktəblərdə psixoloji, fiziki, mənəvi və digər təzyiq, şiddət, zorakılıq qəbuledilməzdir”.

Onun fikrincə, məktəblərdə belə hallar vaxtında aşkarlanıb qarşısı alınmazsa, genişlənərək, daha böyük fəsadlara yol açacaq.

A.Musayeva vurğulayıb ki, davamlı şiddətə, təqibə məruz qalan uşaqlar ciddi psixoloji sarsıntı yaşayır, hətta intihara əl atırlar: “Ona görə də məktəblərdə gənclər arasında yaşanan zorakılıqların qarşısının alınması üçün təlim-tərbiyə işlərinə nəzarət gücləndirilməli, psixoloqlar şagirdlərlə daha sıx işləməli, məktəb-valideyn təmasları daha effektiv qurulmalıdır. Məktəblərdə psixoloqların sayı artırılmalıdır və bu psixoloqlar öz işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Nəhayət, məktəblərdə bu kimi insidentlərin yaşanmaması üçün effektiv proqramlar qəbul edilməli, qanunvericilik səviyyəsində müvafiq tədbirlər görülməlidir. Sonda isə məsələ yenə də valideyn-övlad münasibətlərinin üzərinə gəlir. Sözüm valideynlərədir: övladlarınızı şiddətdən uzaq tutun, onları sevgi ilə böyüdün, qayğı ilə əhatə edin. Əks halda, həm özlərinə, həm də ətraflarına zərər verəcəklər. Bir də, atalarımız nahaq yerə deməyib, “Əzizim əzizdir, tərbiyəsi ondan da əziz”, - A.Musayeva əlavə edib.

Son xəbərlər

Orphus sistemi