İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.
Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.
Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. Monitorinqin müddəti 120 dəqiqədir.
IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı mütləqdir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda sinifdən sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək təhsilalanların tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə reytinq göstəricisini müəyyən etməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq.