Dövlət ümumi təhsil müəssisələrində yaradılması nəzərdə tutulan günüuzadılmış qruplara I-IV sinif şagirdləri tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək.
"Report" xəbər verir ki, hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək.
Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.
Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq. Qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılacaq, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək.
Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək.