Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlim proqramı başlayıb

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlim proqramı başlayıb Təlimlərdə ölkə üzrə seçilən 150 nəfər ali təhsilli müəllimin iştirakı nəzərdə tutulur
Elm və təhsil
136
26 Avqust , 2016 12:46
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlim proqramı başlayıb

Bakı. 26 avqust. REPORT.AZ/ Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün “Təlimçi hazırlığı” proqramı başlayıb. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən keçirilən təlim-məşğələlərini məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloq aparır. Təlim 36 akademik saatlıq proqram əsasında 6 gün davam edəcək. Təlimlərdə ölkə üzrə seçilən 150 nəfər ali təhsilli müəllimin iştirakı nəzərdə tutulub.

Təlimlərdə iştirak üçün müraciət edən 500 nəfərdən çox ərizəçinin sənədlərinin qoyulan meyarlara uyğunluğu təhlil edildikdən sonra 200 nəfər müəllim müsahibəyə dəvət olunub. Onlardan artıq 90 nəfəri müsahibə komissiyasının müsbət rəyini alıb və avqustun 25-dən təlimlərə qoşulublar.

“Təlimçi hazırlığı” poqramı üçün iştirakçı seçimi müsahibələri davam edir. Növbəti həftə ərzində daha 60 müəllimin yeni qruplarda təlimlərə qoşulması planlaşdırılır. Bu proqramı uğurla başa vuran müdavimlərə təlimçi sertifikatı veriləcək və onlar ölkənin ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılmasına cəlb olunacaqlar.