Ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış şəxslərin 13 iyul saat 12:00-dan etibarən təhsil müəssisələrinə elektron qaydada qeydiyyatına start verilir.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat təlimatda təqdim edilir. Bununla yanaşı, qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146-5 qaynar xətt nömrəsinə müraciət etmək mümkündür.
Qeyd edək ki, qeydiyyat prosesi iyulun 22-dək davam edəcək.
Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, sosial güzəşt üçün müraciət, eləcə də digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.